Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
24/11/2014

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-ın “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turniri keçirilib. Turnirdə 22 komanda iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. O, Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya təşəkkür edib.

Oyuna aparıcılığı “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Büllür bayquş” mükafatının sahibi Vladimir Antoxin edib. Sualları “Nə? Harada? Nə zaman?” oyununun əfsanəvi oyunçusu, “Büllür bayquş” mükafatının sahibi Rövşən Əsgərov verib.

Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak edib. Rusiya Hökuməti yanında Maliyyə Universitetinin və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “Suyeta” adlı birləşmiş komandası turnirin qalibi olub. Qaliblərə RAGB-ın medalları, fəxri fərmanları və pul mükafatları təqdim edilib.

Oyunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin istər Azərbaycan, istərsə də rus millətindən olan üzvləri iştirak ediblər.