“Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalibləri mükafatlandırılıb

Video

“Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalibləri mükafatlandırılıb

“Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalibləri mükafatlandırılıb
10/10/2014

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.

Müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərin şagirdlərinə 5 min “Eko gündəlik” paylanılıb və onlardan 3050-si doldurularaq təşkilatçıya təqdim olunub. Bunların arasından 20 finalçı seçilib.

Leyla Əliyeva qalibləri təbrik edib. Bir çox uğurlu layihələrin reallaşdırılması, gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də planetimizin flora və faunasında nəsli kəsilməkdə olan canlıların qorunması ilə bağlı IDEA-nın çox uğurlu işlər gördüyünü deyən Leyla Əliyeva kampaniya üçün “Bir planet - bir gələcək” şüarının seçilməsinin təsadüfi olmadığını bildirib. Leyla Əliyeva kampaniya çərçivəsində ekoloji sahədə vacib addımlar atıldığını, 3 milyondan çox ağacın əkildiyini vurğulayıb.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək layihənin uğurlu və davamlı olmasını arzulayıb. O, Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

UNICEF-in Bakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət dəyərləndirdiyini qeyd edib.

Digər çıxış edənlər 2008-ci ildən keçirilən “Eko Rəsm Gündəliyi” Beynəlxalq müsabiqəsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, layihə məktəblilərin ekologiya sahəsində biliklərinin artırılması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi baxımından uğurlu addımdır.

Leyla Əliyeva müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadəyə diplom və hədiyyələri təqdim edib.

Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

“Eko Rəsm Gündəliyi-2014” müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə edib, problemin həllinə dair təkliflər irəli sürüblər.

Tədbirdə müsabiqə ilə bağlı videoçarx nümayiş olunub.